|
GAİP XƏBƏR : Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, “Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə Ermənistanın məğlubiyyəti qaçılmazdır” deyib.
“Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin aprelin 23-də Müdafiə Nazirliyində müşavirə keçirərkən səsləndirdiyi əsaslı fikirlər, nazir Səfər Əbiyevin ordunun döyüşə hazır olduğu barədə dövlət başçısına təqdim etdiyi məruzə və digər açıqlamalar nəinki regionda, o cümlədən bütün dünyada geniş əks-səda doğurub”.
APA-nın məlumatına görə, bu açıqlama ilə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu çıxış edib.
Bunu olduqca əhəmiyyətli müşavirə adlandıran E. Sabiroğlu beynəlxalq ekspertlərin də eyni qənaətdə olduğunu qeyd edib: “Müşavirənin nəticəsi şübhəsiz görünəcək. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə, Ermənistanın məğlubiyyəti qaçılmazdır. Buna ordumuzun yetərincə müasir silah-sursatla, ağır texnika ilə təchizatı, əsgərin döyüş ruhu, ən başlıcası prezidentlə xalqın yektilliyi böyük imkanlar yaradır. O zaman sual edilə bilər ki, bəs proses niyə yubadılır? Keçilmiş yol, münaqişənin həll edilməsinə Azərbaycanın səyləri onu deməyə əsas verir ki, burada gizli bir səbəb axtarmağa ehtiyac yoxdur. Yeganə faktor ondan ibarətdir ki, ölkəmiz problemin sülh yolu ilə həll edilməsi istiqamətində Minsk Qrupunun və digər beynəlxalq institutların fəaliyyətinin konkret nəticə verəcəyinə ümid edirdi. Azərbaycan bölgədə yenidən qan tökülməsini istəmirdi. Müşavirədə cənab prezidentin çıxışının əsas məğzini də bu məqamlar təşkil edirdi. Ancaq göründüyü kimi, bizim sülhpərvər siyasətimizin reallaşmasına Ermənistanla birlikdə bəzi məlum dairələr ciddi əngəllər törədirlər. Belə olan təqdirdə başqa yol qalırmı? Əlbəttə ki, yox”.
E. Sabiroğlu məlum müşavirədən sonra Ermənistanın Müdafiə Nazirliyinin narahatlıqdan doğan reaksiyasının məhz bununla bağlı olduğunu vurğulayıb: “Verilmiş bəyanatda bizə bəzi xatırlatmalar edən düşmən ölkənin nazirliyi paslanmış yaddaşını bir qədər təzələsə və məkrdən uzaqlaşaraq həqiqəti cüzi də olsa görə bilsə, o zaman Azərbaycanın torpaqlarını Ermənistana birinci Dağlıq Qarabağ savaşında kimin, yəni hansı ölkənin «hədiyyə» etdiyini anlayar. Görünür, yenə də təkrar etmək məcburiyyətində qalırıq. Ermənistanın təklikdə müharibə aparmağa cəsarəti yoxdur. Onu bu gün də danışdıran, şirnikləşdirən, kölgəsinə sığındığı qüvvədir. Yəqin ki, fikrimizi aydın ifadə edirik. Yoxsa uşaq qatili Seyran Ohanyan və onun kimilər indi «qəhrəmanlıqdan» dəm vura bilməzdilər. Okeanın dibində balinanın dərdini duyan, lakin erməni xəstəliyinə göz yuman dünyanın özü də bunu bilir…”
O, həmin müşavirədə erməni xəstəliyinin nə qədər məkrli və eybəcər vəziyyətdə olmasının bir daha tutarlı arqumentlərlə nəzərə çatdırıldığını söyləyib: “Azərbaycan torpaqlarının uzun illərdir, heç bir beynəlxalq hüquqa söykənmədən işğal altında saxlanıldığını önə çəkən Ali Baş Komandanımız bildirdi ki, bütün zəbt olunmuş rayonlarda mədəni, dini tarixi abidələrimiz dağıdılıb, maddi sərvətlərimiz talan edilib, muzeylərimizdən tarixi eksponatlarımız erməni oğruları tərəfindən aparılıb, bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Prezident bu kəlmələrdən sonra qətiyyətlə əlavə edir ki, bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək. Erməni oğrularının və vandallarının çoxdan yırtılmış maskasını beynəlxalq ictimaiyyətə bundan aydın şəkildə çatdırmaq sadəcə mümkün deyil. Müharibələrin tarixinə nəzər yetirsək, o zaman bir həqiqət gözlərimiz qarşısında canlanar. Tarixdə çox nadir hallarda müharibə aparan ölkə digər ölkənin müqəddəs yerlərini topa-tüfəngə tutub və ya əlinə keçəni oğurlayıb aparıb. Əgər iki-üç belə alçaqlıq hadisəsi tarixin yaddaşında qalıbsa, onlardan biri də məhz erməni vandalizmidir ki, biz də bununla 20 əsrin sonu 21 əsrin əvvəllərində rastlaşdıq”.
E. Sabiroğlunun sözlərinə görə, ermənilərin, həqiqətən də qorxu içində olmaları Ermənistanın Müdafiə Nazirliyinin bəyanatından da açıq görünür: “Ona görə də sərsəm və yalançı fikirlər söyləməklə özlərini sığortalamağa çalışırlar. Çünki daxildə də vəziyyətləri olduqca bərbad haldadır. Fikrimi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun bir neçə gün əvvəl «Novosti Armeniya» agentliyində getmiş bəyanatından iqtibas gətirməklə bitirmək istəyirəm. O deyir: «Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq». Heç bir sözünə toxunmadıq. Ancaq Xaçaturov bir az problemi geri çəkmiş kimi görünür. Əslində, keçən ilin özündə Ermənistan Müdafiə Nazirliyi bir neçə hərbi hissəni çağırışçı çatışmazlığından komplektləşdirə bilməyib. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur”.
|