|
GAİP XƏBƏR : ABŞ-da (Amerika Birləşmiş Ştatları) qondarma "soyqırım"la bağlı başlayan kampaniyanın hələ də davam etdirilməsinə, Avropa ölkələrinin isə ermənilərin yalançı iddialarını doğru kimi qəbul etməkdə sanki bir-biriləri ilə rəqabətə girməsi xeyli vaxtdan bəri Türkiyə ilə münasibətlərində "soyuq müharibə" vəziyyəti yaşanan İsraildə də bu məsələnin gündəmə gətirilməsinə səbəb olub.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "soyqırım"la bağlı qətnamənin qəbul edilməsində həlledici səsi yəhudi konqresmenlərindən biri verdiyindən İsraildə bu məsələnin gündəmə gətirilməsi birmənalı qarşılanmır. Ekspertlər isə hesab edirlər ki, Türkiyənin vaxtilə yaxın tərəfdaşlarından biri olan İsraillə münasibətlərin gərginləşməsi AKP hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğanın apardığı yanlış siyasətin nəticəsidir.
Politoloq Qabil Hüseynli də bu versiya ilə razılaşır. Politoloq İsraildə qondarma "soyqırım"ın tanınması ilə bağlı təşəbbüsün yerli yəhudilər tərəfindən deyil, Rusiyadan gələnlər tərəfindən irəli sürüldüyünü bildirərək, İsrail hökumətinin qondarma "soyqırım"ı tanımasını inandırıcı saymır. Bununla belə Qabil Hüseynli bu məsələnin gündəmə gətirilməsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın apardığı yanlış siyasətin rol oynadığını deyir. Onun sözlərinə görə, Ərdoğanın siyasəti İsrail-Türkiyə münasibətlərini süni şəkildə gərginləşdirməyə xidmət edir.
"Qarabağ problemi, Türkiyənin öz problemləri, ümumilikdə Türk dünyasının problemləri bir tərəfə qalıb, Ərdoğan gedib ərəblərin təəssübünü çəkən mövqedən çıxış edir. Onun bu hərəkətləri bəzi ərəb dövlətləri tərəfindən də narazılıqla qarşılanır. Hətta bəzi ərəb ölkələri bəyan da etdilər ki, ərəb dünyasının problemlərinə başqaları müdaxilə etməsin. Ərdoğanın bu məsələyə müdaxilə etməsi bir dövlət kimi Türkiyənin də, türk dünyasının da maraqlarına ziddi"- deyən Qabil Hüseynli onu da bildirib ki, Türkiyə və İsrail arasında münasibətlərin kəskinləşməsində də AKP hökumətinin başçısının yanlış siyasəti böyük rol oynayıb.
"Həm ABŞ Konqresinin komitəsindəki müzakirələr zamanı bir həlledici səsin yəhudi konqresmendən gəlməsi, həm də İsraildə qondarma "soyqırım"ın tanınması ilə bağlı təbliğatın güclənməsi də bu yanlış siyasətin nəticəsidir. Ərdoğan başa düşmür ki, bu addımları ilə təkcə öz ölkəsinə problem yaratmır, həm də Qarabağ probleminin həllinə mane olur, eyni zamanda onun addımları erməni, yunan və yəhudi lobbilərinin birləşməsi üçün də zəmin yaradır". Bununla belə politoloq İsraildə qondarma "soyqırım"ın tanınacağını gözləmir. Onun fikrincə, bu məsələdən Türkiyəyə qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə edilir. Şərq
|