31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ

 M Ü R A C İ Ə T İ

 

 

Əziz millətimiz :

 


Minilliklər boyu öz tarixi torpaqlarında yaşayan, qədim tarixə, mədəniyyətə, adət - ənənəyə, dövlətçilik təcrübəsinə malik Azərbaycan türkləri bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Lakin, müxtəlif dövrlərdə aparılan məkrli, işğalçı siyasət nəticəsində azərbaycanlıların istək və iradəsindən asılı olmayaraq, Azərbaycanın ərazisi parçalanmaya məruz qalmış, ayrı-ayrı rejimlərin maraqları dairəsində bölünərək əsarət altına salınmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan milləti zaman-zaman əsarətdən müstəqilliyə və bütövlüyə can atmışdır. 1989-cu il dekabrın axırlarında Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması ilə millətimizin bütövlüyünə doğru gedən prosesin möhtəşəm təməli qoyuldu. Arazın hər iki sahilində millətin sərhəd yürüşü, dəmir tikanlı məftillərin qırılması, birləşmək şüarı bir daha o taylı – bu taylı Azərbaycan türkünün bir millət olduğunu dünyaya göstərdi. Bu möhtəşəm hadisədən etibarən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan Türklərinin birləşmək amacının simvolik rəmzi, 50 milyondan artıq Güney, Quzey və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd olunur. 20-ci əsrin əvvəllərindən Güney Azərbaycanda başlanan azadlıq uğrunda mübarizə 1989 – cu ildən etubarən yeni mərhələyə qədəm qoymuşdur. Bu gün totalitar və müstəmləkəçi iran fars şovinist rejimi Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının boğulması , milli – mənəvi varlığının məhv edilməsi istiqamətində siyasət aparsa belə, millətimizin müqavimətini və milli azadlığa doğru gedən qurtuluş savaşımizin qarşısını ala bilmir. Son illərdə Güney Azərbaycanda kütləviləşən milli hərəkat və bu hərəkat nəticəsində 35 milyon azərbaycan türkünün bir millət olaraq beynəlxalq aləmdə gündəmə gəlməsi millətimizin böyük gücə sahib olduğunu göstərmiş olur. Milli azadlıq hərəkatımızın qələbəsi milli kimlik şüurunun güclənməsindən, milli həmrəylik və milli birliyimizdən keçir. Bu qələbənin və istiqlalın təminatı isə sivil və sistemli təşkilatlanmadır. Əgər biz dildə, fikirdə, əməldə həmrəyliyimizi artırarıqsa, millətimizin gözlədiyi qələbə yaxındadır. Güney Azərbaycan İstiqlal Partuyası (GAİP) dünyada yaşayan Azərbaycan türklərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, onları həmrəyliyə, birliyə və bərabərliyə çağırır.

26.12.2007

 

31 دئکابر - دونیا آذربایجانلیلاری نین همرای ليك گونو
موناسیبتیله
گونئی آذربایجان ایستیقلال پارتییاسینین
موارجيعتی

 

 

عزیز میلتیمیز :

 


مینیللیکلر بویو اؤز تاریخی تورپاقلاریندا یاشایان، قدیم تاریخه، مدنیته، عادت - عنعنه یه، دؤولتچیلیک تجروبه سینه مالیک آذربایجان تورکلری بشر سیویلیزاسییاسینا ( مدنييت ) بؤیوک تؤحفه لر وئرمیشلر. لاکین، موختلیف دؤورلرده آپاریلان مکرلی، ایشغالچی سییاست نتیجه سینده آذربایجانلیلارین ایستک و ایراده سیندن آسیلی اولمایاراق، آذربایجانین اراضیسی پارچالانمایا معروض قالمیش، آیری-آیری رئژیملرین ماراقلاری دایره سینده بؤلونه رک اسارت آلتینا سالینمیشدیر. بوتون بونلارا باخمایاراق آذربایجان میلتی زامان-زامان اسارتدن موستقیللییه و بوتؤولویه جان آتمیشدیر. 1989-جو ایل دئکابرین آخیرلاریندا گونئی و قوزئی آذربایجان آراسینداکی سرحد دیرکلری نین داغیدیلماسی ایله میلتیمیزین بوتؤولوگونه دوغرو گئدن پروسئسین مؤحتشم تمه لی قویولدو. آرازین هر ایکی ساحیلینده میلتین سرحد یوروشو، دمیر تیکانلی مفتیللرین قیریلماسی، بیرلشمک شوعاری بیر داها او تایلی - بو تایلی آذربایجان تورکونون بیر میلت اولدوغونو دونیایا گؤستردی. بو مؤحتشم حادیثه دن اعتیبارن 31 دئکابر دونیا آذربایجانلیلاری نین همرای ليك گونو - آذربایجان تورکلری نین بیرلشمک آماجی نین سیموولیک رمزی، 50 میلیوندان آرتیق گونئی، قوزئی و دونیانین باشقا اؤلکه لرینده یاشایان آذربایجانلیلارین همرای ليك گونو کیمی قئید اولونور. 20-جی عصرین اوللریندن گونئی آذربایجاندا باشلانان آزادلیق اوغروندا موباریزه 1989 - جو ایلدن اعتيبارن یئنی مرحله یه قدم قویموشدور. بو گون توتالیتار و موستملکه چی ایران فارس شووینیست رئژیمی گونئی آذربایجان تورکلری نین حوقوق و آزادلیقلاری نین بوغولماسی ، میللی - معنوی وارلیغی نین محو ائدیلمه سی ایستیقامتینده سییاست آپارسا بئله، میلتیمیزین موقاویمتینی و میللی آزادلیغا دوغرو گئدن قورتولوش ساواشیمیزین قارشیسینی آلا بیلمیر. سون ایللرده گونئی آذربایجاندا کوتلوی له شن میللی حرکات و بو حرکات نتیجه سینده 35 میلیون آذربایجان تورکونون بیر میلت اولاراق بین الخالق عالمده گوندمه گلمه سی میلتیمیزین بؤیوک گوجه صاحیب اولدوغونو گؤسترمیش اولور. میللی آزادلیق حرکاتیمیزین قلبه سی میللی کیملیک شعورونون گوجلنمه سیندن، میللی همرای ليك و میللی بیرلیگیمیزدن کئچیر. بو قلبه نین و ایستیقلالین تامیناتی ایسه سیویل و سیستئملی تشکیلاتلانمادیر. اگر بیز دیلده، فیکیرده، عمل ده همرای لیگیمیزی آرتیراریقسا، میلتیمیزین گؤزله دیگی قلبه یاخیندادیر. گونئی آذربایجان ایستیقلال پارتيیاسی (گایپ) دونیادا یاشایان آذربایجان تورکلرینی 31 دئکابر دونیا آذربایجانلیلاری نین همرای ليك گونو موناسیبتیله تبریک ائدیر، اونلاری همرای لییه، بیرلییه و برابرلییه چاغیریر.

26.12.2007