GAIP:İran mətbuatı mürtəd adlandırdıqları tanınmış azərbaycanlı yazıçı Rafiq Tağının terroru ilə bağlı çaşdırıcı məlumat yayaraq İranın izlərini silməyə çalışır.
Dekabrın (December) 10-da İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı (fərmandeh), hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı, noyabrın (November) 19-u axşam saatlarında naməlum şəxs tərəfindən evinə gedərkən hücuma məruz qalıb aldığı 6 biçaq zərbəsi nəticəsində 4 gün sonra xəstəxanada dünyasını dəyişən yazıçı Rafiq Tağının qətli ilə bağlı növbəti yazı dərc edib.
“Azərbaycanlı yazıçını kim öldürüb?” başlıqlı Yazıda, mürtəd adlandırılan Rafiq Tağının 2006-cı ildə “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” məqaləsi və müəllifin islam peyğəmbərini guya təhqir etməsi xüsusi qabardılıb.
Yazıda Qeyd olunub ki, “yazıçının qətlindən sonra Azərbaycanın bir neçə qərbyönlü Telekanalı o cümlədən ANS, Azadlıq qəzeti və internet saytları sistemli şəkildə sözü gedən qətldə İran və İslamçı qüvvələri günahlandırmağa çalışdılar. Onlar, həmçinin məhərrəm ayında hicabla bağlı gözlənilən kütləvi etirazları yatırmaq üçün bəhanə yaratmaq istədilər. Halbuki, sözü gedən qətl ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin gizli şəbəkəsi tərəfindən həyata keçirilməsi ilə bağlı müəyyən əsaslar var. Azərbaycanın Amerika və İsrailə bağlı mətbu orqanlarının İrana qarşı hərəkətə keçməsi bu iddianın əsaslarından biridir.”
Müəllif əlavə edir ki, “Rafiq Tağının ölümündən biraz öncə xəstəxanada ANS telekanalı və Azadlıq radiosu müxbirinə verdiyi müsahibə, onun İran və islam qüvvələri barədə qeyd etdikləri, sonra isə qərb mətbuatının bu barədə İran əleyhinə çıxışları məqsədyönlüdür və bütün bunlar göstərir ki, yazıçının qətli sionistpərəst qüvvələr tərəfindən İranafobiya yaratmaq üçün həyata keçirilib.”
Müəllif mövzu ilə bağlı daha incə məqamlara da işarə edib və çox əminliklə bu terror hadisəsində İranı duruya çıxarmağa çalışıb.
Maraqlı məqam ondan ibarətdir ki, müəllif hələ illər öncə 2006-cı ildə Rafiq Tağının “Avropa və biz” məqaləsi çıxdıqdan sonra İran ayətullahları və dini-siyasi cərəyanın başında gələn şəxslərin yazıçının qətlinə dair verdikləri fitvanı təmami ilə görməzdən gəlib. 2006-cı il noyabrın 22-də iranlı din xadimi ayətullah Mürtəza Bəni Fəzl yazıçı Rafiq Tağının ölümünə fitva verib. Noyabrın 30-da İranın daha bir din xadimi - ayətullah Məhəmməd Fazil Lənkərani də yazıçının ölümünə fitva verib.
Hətta İran ayətullahlarının fitvasından sonra Azərbaycan Cümhuriyyətinin Nardaran kəndində keçirilən mitinqlərdən birində radikal dini qruplar bu "fitva"nın yerinə yetiriləcəyi barədə fikirlər səsləndirdilər.
İran hakimiyyəti isə bu fitvaları heç zaman pisləmədi və heç zaman Rafiq Tağıya hücum planlaşdıran və ya həyata keçirən olarsa, onun məsuliyyətə cəlb olunacağını bəyan etmədi.
Rafiq Tağının qətlindən bir neçə gün sonra Fazil Lənkəraninin oğlu yeni qətlə yetirilmiş azərbaycanlı yazıçının öldürülməsini təbrik etdi. Axund Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkərani Azərbaycan Cümhuriyyətinin xalqına təbrik məsajında belə demişdi: "İslam düşmənləri bilsinlər ki, azad müsəlmanlar və qeyrətli gənclər icazə veməyəcəklər ki, beynəlxalq sionizm və emperialistlərin islama qarşı planları həyata keçsin. Onlar, satqın və dinsizləri cəzalandıracaqlar. Mən bu mürtədin öldürülməsinə dair fitva verən ayətullah Fazil Lənkəraninin xatirəsini hörmətlə yad edir və ona ALLAHdan əcr diləyirəm”
“Tabnak.ir” saytına xatirlatmaq lazımdır ki, bu sayt Rafiq Tağının bir gün ölümündən sonra onu Salman Rüşdüyə bənzədərək dolayısı yolla yazıçının Fazil Lənkəraninin fitvası əsasında öldürüldüyünü etiraf edib.
Noyabrın (November) 24-də “Tabnak.ir” saytında dərc olunan “Azərbaycan Cümhuriyyətinin Salman Rüşdisi öldürüldü” başlıqlı yazıda bunlar qeyd olunmuşdur: “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Cümhuriyyətində Salman Rüşdi adı ilə tanınan Rafiq Tağı qətlə yetirildi. O, peyğəmbərə qarşı misilsiz təhqirlərinə görə Azərbaycan Cümhuriyyəti əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah, Rafiq Tağını edama məhkum etmişdi.”
İndi bu sual ortaya çıxır ki, sözü gedən saytın hansı iddiası doğrudur?! Hansı inanılmalı hansı inanılmazdır?!
Buna cavab vermək üçün İran rejiminin son 32 illik tarixinə baxmaq yetər. Həm İran, həm də dünya əhalisi birbaşa ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının əli ilə qətlə yetirilən və ya zindanlarda edam olunan yazıçıları unutmayıb. Öldürülən yazıçılar siyahısında Səid Sultanpur, Səid Sircani, Piruz Dəvani, Məhəmməd Muxtari və Cəfər Puyəndə kimi yazıçıların adları var. İran rejiminin ölkə sərhədlərindən kənarda öldürdüyü və ya qətli ilə bağlı fitva çıxardığı, yaxud onları öldürməyə cəhd etdiyi yazıçılar az deyil. Bunlardan biri Salman Rüşdidir (Salman Rüşdi Hindistan əsilli Böyük Britaniya yazıçısıdır. 1980-ci illərdə “Quran”dan bəhs edən “Şeytan ayələri” kitabına görə İranda onun ölümünə fitva verilib). O və digər yazıçılar yalnız öz düşüncələrini bəyan etdiklərinə, islam cümhuriyyətinin qeyri-demokratik siyasətini istər birbaşa, istərsə də dolayı yolla tənqid etdiklərinə görə hücuma məruz qalıblar.
Siyahını dahada uzatmaq olar. 1992-ci ildə Sadiq Şərəfkəndi Berlin, 1980-cı ildə Əliəkbər Təbatəbai Amerika, 1984-cü ildə general Qulaməli Uveysi qardaşı Hüseynlə birlikdə Paris, 1987-ci ildə Əlirza Çitgər (Bəhməni) Viyana, 1989-cu ildə İranın kürdistan demokrat partiyasının sədri Əbdulrəhman Qasimlu daha iki nəfər partiya məsulu (Abdullah Qadiri , Fazil Rəsul) ilə birlikdə Viyana, 1990-cı ildə Kazim Rəcəvi İsveçrə, Əbdulrəhməan Bruməndin terrorundan 3 ay sonra 1991-ci ildə Şapur Bəxtiyar öz sekreteri Sruş Kətibə ilə birlikdə Paris, 1992-ci ildə Fridun Fərruxzad Almaniya, 1997-ci ildə akademik Ziya Bünyadov Azərbaycanda və ... terrorun qurbanı olublar. Sadaladığımız terror aktları barədə ciddi istintaq işləri nəticəsində İran rejimi bir mənalı günahlanıdırıb və inkar edilməz faktlar ortalığa çıxıbdır.
Bütün dünyanın xatırladaığı Argentinanın paytaxtı Buenos-Ayerosdəki terror aktlarına da işarə etmək yerinə düşərdi. 1992-ci ildə İsrail səfirliyinin binasındakı partalyışdan sonra 29 nəfər, 1994-cü ildə Argentina paytaxtında yəhudilərin mədəniyyət mərkəzi yaxınlığında avtomobilin parladılması nəticəsində 85 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdı. Argentina bu terror aktlarına görə İran rejimini rəsmən günahlandırıb.
Hələ iki ay öncə ABŞ (Amerika Birləşmiş Ştatları) rəsmiləri İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") "Qüds" qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilib ki, “terror əməliyyatına "Qüds" üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Səyyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.”
İranın terror əməlləri barədə çoxlu faktlara işarə etmək olardı, təəssüflə bütün bunları bir yazıya sığdırmaq mümkün deyil.
Rafiq Tağının terroru məsələsində təkcə Azərbaycan mətbuatı deyil, bir çox beynəlxalq mətbu orqanları da oxşar mövqe tutaraq İran amilini əsas ehtimal kimi göstərdilər.
ABŞ-da (Amerika Birləşmiş Ştatları) mühacir olan iranlı dissident (müxalif) ruhani, məşhur islamşünas Möhsün Kədivər də azərbaycanlı yazıçının qətlinə fitva vermiş ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkəraniyə məktub yazaraq, Rafiq Tağının qətlinə fitvanı qurana zidd hesab edib və bu şəkildə dolayısı ilə terrorun hardan su içdiyini göstərib.
Mühacirətdə fəaliyyət göstərən İran Yazıçılar Birliyi də bəyanat yayaraq sözü gedən terroru pisləyib və bu terror əməlində İranı suçlayıb.
Həmçinin «Amnesty International» Rafiq Tağının qətli ilə bağlı belə bir müraciətdə bulundu: “Azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağı haqqında İran ruhanisinin fitva hökmü çıxarması və onun oğlunun yazıçının öldürülməsinin alqışlayan bəyanat verməsi, İran Cinayət Məcəlləsinə təcili islhatlar edilməsinin vacibliyini önə çəkir.”
Mərhum yazıçı özüdə xəstəxanada ölümündən bir neçə saat öncə ANS-ə müsahibəsində bildirmişdi ki, “ona qarşı baş vermiş hücumun yazıları ilə bağlı olduğunu hesab edir. Yazıçı ehtimal edirdi ki, məhz “İran və qloballaşma (kürəsəlləşmə) qaçılmazlığı” ilə bağlı yazısına görə bıçaqlana bilər.”
“Tabnak.ir” saytı isə bütün bunları görməzdən gələrək, heç bir tutarlı əsas göstərmədən Rafiq Tağının terrorunda qərb və İsraili suçlayır və iddia edir ki, onlar azərbaycanlı yazıçını qətlə yetirməklə Azərbaycanda İranafobiya yaradıb və iki ölkənin münasibətlərini pozmaq istəyirlər. Sadaladığımız dəlillər isə bunun tam tərsini göstərir.GunAz TV mətbuat mərkəzi - Nəbi Soytürk )