 Seyid Cəfər Pişəvəri 114 il öncə avqust ayının 26-sı Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olmuşdu. Hələ gənc yaşlarından ölkədə baş verən siyasi ictimai hərəkatların mərkəzində dayanmış və məcrasına sığmayan su kimi təlatümlü həyat tərzi yaşamışdı. Pişəvəri siyasi-ictimai həyatının bütün anları xalqa xidmət və vətənə məhəbbət fəlsəfəsi üzərində qurulmuşdur. Pişəvərini Azərbaycanın birinci siyasi şəxsiyyət zirvəsinə qaldıran onun Azərbaycanın siyasi təfəkkür sisteminə gətirdiyi yenilik və bu yenilik nəticəsində qurulan Azərbaycanın Milli Dövlətidir. 1945-ci Azərbaycan Milli Dövləti qurulana qədər, Azərbaycanın min ildən artıq şahlıq üsulu ilə idarə olunan dövlətçilik tarixi olsa da, Pişəvəri Azərbaycan Dövlətçilik tarixini yeniləşdirdi və Azərbaycanda Milli Demokratik Dövlətin əsasını qoydu. Ömrü boyu tam sədaqət və səmimiyyətlə xalqına xidmət etməyi özünə amac seçən Pişəvərinin siyasi fəaliyyəti nəhayət məqsədə varacaqdı və vardı. Azərbaycan Milli Dövləti Pişəvəri həyatının məhsulu və onun şah əsəridir. Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Dövləti millətimizin çağdaş tarixinin zirvəsidir. İllər ötdükcə biz o zirvəyə yaxınlaşırıq. Azərbaycan Milli Dövlətinin qurucusu Seyid Cəfər Pişəvərinin anadan olmasının 114-cü il dönümü münasibəti ilə Azərbaycan Millətini təbrik edir və millətimizə azad və xoşbəxt gələcək arzu edirik. Semed Niknam 2007-08-23 |