Qurd başlı Başqurd Türkləri
 

Aydın Mədətoğlu

Ümumtürk tarixində Başqurdların da özünəməxsus yeri vardır. Başqurd Türkləri istər Hun, istər Qızıl Orda İmperatorluqlarında, istər Qazan Xanlığında, istərsə də müstəqillik mübarizəsində ön mövqedə olmuşlar.
Qədim Türklər, o cümlədən də Başqşurdlar Ruhun əbədiliyinə inandıqlarından onlara görə, insan ölüncə onun Xeyir Ruhu bir quş kimi Göyə - Tanrının yanına uçur. Bu anlamda "Uçmaq" qədim Türklərdə "Cənnət" mənasında işlənmişdir. Klassik Türk ədəbiyyatında belə uzun müddət "Uçmaq" və "Tamuğ" (Damu) Cənnət və Cəhənnəmin sinonimi kimi işlənmişdir.
Türklərdə tək Tanrı anlayışı çox qədimdən mövcud olmasına baxmayaraq Başqurd Türkləri buna hələ X əsrdə belə ulaşa bilməmişdilər. Başqurdlar ən böyük Məbudun Göydə olması ilə yanaşı müxtəlif məbudlara inanırdılar. XIII əsrdən əvvəl Başqurdlar arasında xristian missionerlər tərəfindən yayılmağa başlayan xristian dini belə geniş vüsət almamış, Bulqarlar vasitəsilə Başqurdlar İslam dinini qəbul etmişdilər. Qızıl Orda İmperatorluğu dövründə Başqurdların İslam dinini qəbul etməsi tamamlanmışdır.
Hələ X əsrdə Peçeneklər Macarlar və Bulqarlarla yanaşı, Başqurdların da Balkanlara qədər yayılmasında mühüm rol oynamışlar. Bu dövrdə digər Türklərlə yanaşı Başqurdlar da İstanbul və Solanikə qədər irəliləmiş və bu birləşmiş, qaynayıb-qarışmış Türklər İstanbul-Roma yolunu öz nəzarətlərinə götürmüşdülər. Bəzi Başqurdlar hətta Hələbə qədər gəlib çıxmış və burada Hənəfi məzhəbini mənimsəmək üçün təhsil almışlar. Bu haqda orta əsrin məşhur tarixçisi Yaqut Həməvi özünün məşhur "Mucəm ul-buldan" əsərində geniş məlumat verir. Yaqut Həməvinin məlumatına görə, bu Hələbdə təhsil almağa gələn Başqurdlar xristian Macarıstanda Macar kralının təbəəsi olan müsəlmanlardır. Onlar buraya (Hələbə) fiqh elmini öyrənmək üçün gəlirdilər və məmləkətlərinə dönüncə xalqın onlara etibar edəcəyi və din işlərini onlara tapşıracaqlarını onların öz dilindən qələmə almışdır (Bax: Yakut, Mucəm ul-buldan, I, Beyrut 1955, səh. 323). Tədqiqatçıların yazdığına görə, Macarıstandan olan bu müsəlman Başqurdlar bir əsr daha Macarıstanda yaşamış, "Macar kralının basqısı ilə İslamiyyət artıq qeyb olmuşdur... Macarlar arasında Kuman və b. Türk qövmləri yanında Başqırdların bulunduğuna dair... bu qeyd diqqətəşayandır" (Bax: Prof.Dr. Osman Turan, Türk Cihan Hakimiyyeti Mefkuresi Tarihi, cilt 2, səh. 192).
Bəlli olduğu kimi, Qızıl Orda dövlətində bir çox ərazilər "Ulus"dan ibarət idi ki, bu "Ulus"lardan biri də "Başqurd Ulusu" idi. Qızıl Orda İmperatorluğu parçalandıqdan sonra bugünkü Tatarıstan, Çuvaşıstan, Udmurt (Vot), Mari (Çirmiş) Muxtar Cümhuriyyətləri, Simbirsk, Penza, Perm, Vyatka, Hijni-Hovqorod, Samara, Saratov (Sarı Tav), Caritsin (Sarı - Tin), Tambov və Ryazan vilayətləri ilə yanaşı bugünkü Başqurdustan Cümhuriyyətinin ərazisi də Qazan Xanlığına (1437-1552) daxil idi. Qazan Xanlığında bir çox Türk, Fin-Uqor boyları ilə yanaşı Başqurd Türkləri də Ruslara qarşı müharibələrdə yaxından iştirak etmişdilər. Lakin Rusların Qazan Xanlığını məğlub edərək onun ərazilərini, o cümlədən də Başqurdustanı da işğal etdikdən sonra bir çox Türklərlə yanaşı Başqurd Türkləri də Rusların əsarəti altına düşdü. Təqribən 450 illik rus assimilyasiya siyasətinə baxmayaraq bölgə Türkləri, o cümlədən də Başqurdlar öz Milli Kimliklərini qoruyub saxlaya bilmiş, zaman-zaman ruslara qarşı birgə mübarizə aparmışlar. Belə ki, Başqurdlar hələ Murad Sultan, daha sonra isə İbrahim Sultan dövründə hətta Ukraynalılar və Don Kazakları ilə birgə rus çarı I Pyotra qarşı ittifaq bağlayaraq mübarizə aparmışlar. Bölgə Türklərinin rus müstəmləkəçiliyinin basqısı altında günümüzə qədər öz Milli Kimliklərinin qorunub saxlanmasında Başqurd və Tatar milliyyətçilərinin əvəzsiz xidmətləri olmuşdur.
1905-ci il inqilabı, xüsusilə 1917-ci il fevral-burjua inqilabından sonra Rus İmeriyası daxilindəki Türklər, o cümlədən də Başqurdlar öz milli müstəqillikləri uğrunda birgə mübarizəyə başladılar. Bütün bu mübarizələr sonradan siyasi və hüquqi müstəviyə keçirildi. İmperiya daxilində olan bütün müsəlman Türklər bu inqilabdan ruhlanaraq açıq mübarizəyə qalxdılar. Artıq 7 May 1917-ci ildə Moskvada "Rusiya Müsəlmanlarının Ümumi Qurultayı"nda Rusiyanın federallaşması və Türk Muxtariyyatlarının yaradılması haqqında qərar qəbul edildi və "Rusiya Müsəlmanları Mərkəzi Şurası" yaradıldı. Bu Qurultayda Başqurdlar 50 nümayəndə ilə təmsil olunmuş və Qurultayın qərarına müvafiq olaraq Başqurdustanda Muxtariyyat və ərazi məsələlərini həll etmək üçün bir nümayəndə heyəti müəyyən etmişdilər. Bu heyət Orenburqda 20 iyul 1917-ci ildə ilk Başqurd Qurultayının keçirilməsinə nail olmuşdu. Bu ilk Başqurd Qurultayında Başqurdların doğu və güney-doğu sərhədlərindəki Türk uruğları ilə birləşərək Muxtariyyat yaratmaq, əski Başqurd ordusunun bərpa olunması və çar hökuməti tərəfindən zəbt edilmiş Orenburqdakı Başqurd Ordu binalarının, park və bağlarının, məscid və karvansaralarının geri qaytarılması barədə Kerenski hökuməti ilə danışıqlar aparılması üçün Zəki Vəlidovun (Zəki Vəlidi Toğan - A.M) rəhbərliyi altında bir heyətin Peterburqa göndərilməsi haqqında qərar qəbul edilmişdi. Bu nümayəndə heyəti ruslar tərəfindən zəbt edilmiş tarixi binalarının özlərinə qaytarılmasına nail olmuşdular. Bu münasibətlə mənalı həyatını öz xalqının, bütövlükdə çar Rusiyasının zülmü altında inləyən Türklərin qurtuluşuna həsr edən, Başqurd Türklərinin o dövrdəki lideri, Əlimərdan Bəy Topçubaşov və Məmməd Əmin Rəsulzadənin yaxın dostu və silahdaşı, sonradan böyük tədqiqatçı alim kimi tanınan Zəki Vəlidi Toğan özünün məşhur "Xatirələr" adlı əsərində göstərir ki: "Bu binaların bizə qaytarılmasının xalqımızın (Başqurdların - A.M) nəzərində əhəmiyyəti böyük idi. Bu, Başqurdların qəsb olunmuş haqlarının qaytarılmasının başlanğıcı idi" (Bax: Prof. Zəki Vəlidi Toğan, "Xatirələr", Türküstan və digər müsəlman Doğu Türklərinin milli varlıq və kültür mücadilələri, İstanbul, 1969, səh. 171).
28 Avqust 1917-ci ildə Urfada keçirilən İkinci Başqurd Qurultayı 23 dekabr 1917-ci ildə keçiriləcək "Rusiya Müəssislər Məclisi"nə seçilmiş nümayəndələri təsdiq etdi. Lakin bəlli olduğu kimi artıq mərkəzdə bolşeviklər hakimiyyəti zəbt edərək "Rusiya Müəssislər Məclisi"ni də qapatmışdı. Kerenski hökumətini devirdikdən sonra bolşeviklər Rusiyadakı məhkum millətlərin istiqlal haqlarını tanımaq haqqında bir deklarasiya elan etdilər. Başqurd Mərkəzi Şurası bunu müzakirə edərək Sovetləri tanımamaq haqqında bəyanat vermiş, 29 noyabr 1917-ci ildə Başqurdustanın Muxtariyyatını "Kiçik Başqurdustan Cümhuriyyəti" adı ilə elan etmiş, milli hökumət yaratmış, milli ordunu formalaşdırmağa başlamış, hüquqşünas Yunus Bekovu hökumət başçısı, Zəki Vəlidovu isə daxili və hərbi işlər müdiri təyin etmişdi. Bu dövr Kiçik Başqurdustanın ərazisi 75500 kv.km, əhalisi isə 1 milyon 260 min nəfər idi. Gələcək plana görə batı Qazaxıstan və əhalisinin yarıdan çoxunun Türk olduğu Orenburq Kazaklarının da bu Cümhuriyyətə daxil olması və Orenburq şəhərinin də bu Cümhuriyyətin paytaxtı olması nəzərdə tutulmuşdu. Başqurd xalqına böyük həyəcan və sevinc doğuran bu Muxtariyyat elanını alqışlayan Başqurd milli şairləri olan Seyidgiray Maqaz və Şeyxzadə Babiç o dövrdə bir çox şeirlər həsr etmişlər. Həhayət 20 dekabr 1917 - 4 yanvar 1918-ci ildə keçirilən Üçüncü Başqurdustan Qurultayı Başqurdustan Müəssislər Məclisini təsdiq etdi və beləliklə də Başqurdustan Muxtariyyatını qanuniləşdirdi. Müəssislər Məclisi rəsmi hökumət təşkil edərək daxili və hərbi işlər müdürlüyü, maliyyə, maarif, əkinçilik nazirlikləri təsis etdi və nazirləri müəyyənləşdirib təsdiq etdi.
Lakin böyük mücadilə aparmaqlarına baxmayaraq həm bolşeviklər və həm də Ağ qvardiyaçılara qarşı vuruşan Başqurdlar nəhayət sovetlərlə iş birliyi qurmağa qərar vermiş və beləliklə də bolşeviklər talan və yağma edilən Başqurd kəndlərinin bərpası üçün Başqurdların könlünü almaq və xüsusilə öz məkrli siyasi planlarını həyata keçirmək məqsədi ilə Sovet Hazirlər Şurasının təqdim etdiyi rəy əsasında Lenin və Stalin avans olaraq Başqurdlara 150 milyon rubl verməyi və daha sonra əlavə kömək də ediləcəyi haqqında qərar qəbul etmişdi. Başqurdları içəridən dağıtmağa, "Kommunist hücrələri", "Füqəra Komitələri" yaratmağa xidmət edən bu qərarlar və onların icrası Lenin və Stalinin gizli agentləri vasitəsilə həyata keçirildi. Belə ki, Peterburqda vəziyyət gərginləşəndə Ağ qvardiya generalı Yudeniçə qarşı vuruşmaq üçün Lenin, Trotski və Stalin Zəki Vəlidiyə müraciət edərək bir piyada və bir süvari Başqurd alayı göndərməyi tələb edirlər. Lenin hətta Başqurdların bolşevik inqilabına sədaqətinin bununla ölçüləcəyini Zəki Vəlidiyə xüsusi olaraq bildirmiş, Zəki Vəlidi də müqaviləyə sadiq qalaraq hər iki alayı tam hazır vəziyyətə gətirərək Peterburqa göndərmişdi. Trotskinin əmri ilə Ukrayna cəbhəsindən də iki piyada və iki süvari Başqurd alayı Pskov cəbhəsinə və Peterburqa göndərilmişdi. Yudeniçlə döyüşdə 11 minlik Başqurd alayları misilsiz qəhrəmanlıqlar göstərmiş, Yudeniç üzərində qələbəni təmin etmişdilər. Bu qələbədən sonra Başqurd alaylarından ehtiyat edən və onların bir gün silahlarını sovetlərə qarşı çevirə biləcəklərindən qorxuya düşən bolşevik rəhbərləri onların bir qismini Hovqorod vilayətindəki Muravyev Qışlağına, digər qismini isə başqa bölgələrə göndərərək Başqurd ordusunu parçalayırlar. Bolşevik rəhbərlərinin gizli planları, Lenin və Stalinin Baqşurd ordusunu səpələyib başqa ordu bölmələrinə qatma əmri vəziyyəti daha da gərginləşdirir. Bolşeviklər gücləndikcə Başqurdlarla olan müqavilənin şərtlərini pozmağa başlayırlar. Bu arada Buxara əmirini məhv etmək və Türküstanda bolşevik hakimiyyətini qurmaq məqsədi ilə Lenin və Trotski Zəki Vəlidovdan Başqurd alaylarını Buxaraya göndərmək üçün razılıq əldə etməyə çalışırlar. Bu münasibətlə Zəki Vəlidi "Xatirələr"ində geniş məlumat verərək göstərir ki: "Partiya katiblərindən Stasova mənə Buxara məsələsi ilə bağlı Leninlə görüşməlisiniz -dedi... Görüşdük. Görüşmə qısa sürdü... Bu danışıqlar Leninlə ilk səmimiyyətsiz danışıq olmuşdu. Məndə Leninə qarşı əvvəlcə bəslədiyim hörmətdən əsər-əlamət qalmamışdı" (Bax: Zəki Vəlidi Toğan, "Xatirələr").
Sovetlərlə əlaqədən sonra Başqurdustan Cümhuriyyətinin başçısı təyin edilmiş Haris Yumaqulov Moskvaya çağırıldığından İnqilab Komitəsi 25 fevral 1920-ci ildə Zəki Vəlidovu Başqurdustan Sovet Cümhuriyyətinin başçısı təyin edir. Sonradan bundan da ehtiyat edərək Leninin tapşırığı ilə Stalin Zəki Vəlidovu Moskvaya dəvət edərək Kremldə öz nəzarətlərində saxlamağa çalışır, onu görəvləndirərək Müsəlman Sovet Cümhuriyyətlərinin Konstitusiyasını və Milli məsələlərə dair təkliflər planı hazırlamaq tapşırılır. Leninin adına yazılan və əsərlərinə daxil edilən Milli məsələlərə dair əksər fikir və mülahizələr məhz Zəki Vəlidi Toğana məxsusdur.
Bu dövrdə Lenin və Stalin tərəfindən Başqurdlarla bağlanan 1919-cu il müqaviləsinin şərtləri dəyişdirilir və Başqurdustana yarım Muxtariyyat statusu verilərək RSFSR-in tərkibinə daxil edilir. Bu hadisədən sonra Zəki Vəlidov Lenin, Stalin və digər bolşevik yetkililərinin məkrli niyyətlərini anlayaraq sovetlərə qarşı Türküstanda və daha sonra xaricdə mübarizə aparır. Bu dövrdən başlayaraq günümüzədək Başqurdustan bir Muxtar Respublika kimi Rusiya Federasiyasının subyektinə çevrilir.
Sovet İmperatorluğu dağıldıqdan sonra Tatar və Başqurd Muxtar Respublikalarının birləşib Tatar-Başqurd Cümhuriyyəti adı altında müstəqil fəaliyyət göstərməsinə təşəbbüslər olsa da bu hələ gerçəkləşməyib. Lakin Sovet dövründəkindən fərqli olaraq bu Türk Respublikaları bir çox siyasi və iqtisadi müstəqilliklər əldə etmişlər. Bu gün Rusiya Federasiyasının Avropa hissəsinin İdil-Ural bölgəsində Tatarıstan, Çuvaş və Başqurdustan adlı üç Muxtar Türk Cümhuriyyəti gələcəyə inamla addımlayır. Bu bölgə çox qədim bir Türk yurdudur. Bölgədə tarixən Hun, Uz, Qıpçaq, Peçenek, Bulqar və onların davamçıları olan Tatar, Çuvaş və Başqurdlar birgə dövlətlər qurmuş, yüksək mədəniyyət yaratmışlar. Bu gün İdil-Ural bölgəsinin ikinci mühüm Türk Muxtar Cümhuriyyəti olan Başqurdustanın ərazisi 143600 kv.km, əhalisi 4,5 milyon nəfərdir. Əhlisinin 3 milyonu şəhərlərdə, 1,5 milyonu kəndlərdə yaşayır. Başqurd Türklərinin xeyli hissəsi müəyyən tarixi səbəblərdən Respublikadan kənarda yaşayırlar. Respublika ərazisində Başqurdlarla yanaşı Tatarlar, Çuvaşlar və Ruslar da yaşayır. Ölkədə ildə təqribən 50 milyon ton neft, 4 milyard kub.m təbii qaz istehsal edilir. Respublika sənayesinin əsasını neft-kimya sənayesi təşkil edir. Ölkədə kömür, mis, qızıl, xrom və s. çıxarılır. Kənd təsərrüfatı da xeyli inkişaf etmişdir.

23 dəfə oxunub
Çap versiyası