|
Vəfa Quluzadə: «Bu təşkilatı hazırda NATO-nun
yaranmaqda olan Asiya prototipi adlandırmaq olar»
Bakıda GUAM ölkələri rəhbərlərinin növbəti sammiti keçirilib.
Təşkilata daxil olan ölkələrlə ABŞ arasında bir sıra vacib
layihələrlə bağlı danışıqlar başlayıb. Bəzi müşahidəçilər etiraf
edir ki, GUAM-ın bu dəfəki sammiti öncəkilərdən sanbalına görə
fərqlənir. ABŞ və bir sıra Avropa ölkələrinin də görüşə diqqət
göstərməsi bu fikri təsdiq edir. Bu səbəbdən, politoloq Vəfa
Quluzadə ilə söhbətimiz də GUAM-ın Bakı sammiti ətrafında oldu:
- GUAM-ın bu dəfəki sammiti həqiqətən də keyfiyyətcə əvvəlkilərdən
fərqlənir. Qurumun əvvəlki sammitlərində ölkələr öz niyyətlərini
ifadə edirdilər. Qeyd edim ki, GUAM-a daxil olan ölkələrin məqsədi
regionda həm təhlükəsizliyi, həm də iqtisadi əlaqələri inkişaf
etdirə biləcək iri regional təşkilat yaratmaqdan ibarətdir. Amma
indi GUAM-ın niyyətləri fəaliyyətə keçməkdədir. Bu qurum digər
tərəfdən, iri regional layihəyə çevrilmək üçün NATO-nun, ABŞ-ın
dəstəyini almaqdadır. Vaxtı ilə deyirdim ki, başqa NATO ölkələrinin
GUAM-a qoşulması nəticəsində bu təşkilat sanballı quruma çevriləcək.
Indi həmin proses gedir. Artıq GUAM-da 4 ölkə yox, NATO dövlətləri
olan Polşa, Çexiya, Rumıniya da fəal şəkildə əməkdaşlıq edirlər. Ən
vacibi isə bu qurumun yaradılmasının əsas ideya müəllifi olan ABŞ-ın
GUAM-da müşahidəçi rolunda çıxış etməsidir. Fikrimcə, vaxt keçdikcə
GUAM-ın sammitində iştiraka gələn ölkələr təşkilatın tam hüquqlu
üzvünə çevriləcəklər. GUAM-ı hazırda NATO-nun yaranmaqda olan Asiya
prototipi adlandırmaq olar. GUAM Rusiyanın hələ də qoruyub saxlamağa
çalışdığı MDB-yə tam alternativdir. GUAM-ın reallaşdırmağı nəzərdə
tutduğu enerji layihələri də Rusiyanın enerji diktatına qarşı
yönəlib. MDB çərçivəsində sülh yoxdur. Bu quruma daxil olan iki ölkə
müharibə şəraitindədir. Üstəlik də bütün MDB ölkələri Rusiyanın
koloniyaları olublar və onların niyyəti Rusiya ilə birləşmək yox,
ayrılmaqdır. Amma GUAM-da belə ziddiyyətlər yoxdur. Təşkilatın bütün
ölkələri bir-biriylə normal münasibətdə olaraq, sıx əməkdaşlıq
edirlər. Genişlənən GUAM-a daxil olmaq NATO-ya üzv olmağa
bərabərdir. Ümumiyyətlə GUAM yaranarkən bu Rusiyanın böyük təpkisinə
səbəb oldu. Özbəkistanın GUAM-ı tərk etməsi məhz Rusiyanın
təzyiqləri nəticəsində baş tutdu. Bir sözlə, hazırda dünyada Rusiya
ilə Qərb arasında döyüş gedir. Amma bu savaş alovsuzdur və əsasən
enerji, iqtisadiyyat və siyasəti əhatə edir.
- Sizcə GUAM-ın sonuncu sammitindən sonra Rusiyanın reaksiyası necə
olacaq? Moskva özündən asılı olan postsovet ölkələrinə təzyiqlərini
gücləndirə bilərmi?
- Rusiya GUAM-ın son sammitinə və orada müzakirə olunan məsələlərə
reaksiyası yalnız KIV-lərdə mənfi reaksiyalardan ibarət olacaq.
Çünki Rusiyanın GUAM-ın üzvü olan və ya bu təşkilatla əməkdaşlıq
edən ölkələrə təzyiq etmək imkanı yoxdur.
- GUAM-ın bu templə inkişafı - sülh məramlı taborla, enerji
layihələrilə bağlı aparılan danışıqlar perspektivdə MDB-nin tam
dağılmasına gətirib çıxara bilərmi?
- MDB bir təşkilat olaraq çoxdan ölüb. Sadəcə olaraq, bu barədə
etirafın edilməsinə cəsarət edilmir. MDB-nin yerində GUAM olduqca
uğurlu fəaliyyət göstərə bilər və gec-tez MDB-nin yerin məhz GUAM
tutacaq.
- GUAM-ın sammiti çərçivəsində Qəbələ RLS-lə bağlı hansı müzakirələr
aparıla bilər?
- Belə görünür ki, Vladimir Putin Corc Buşa bu təklifi etməklə eyni
zamanda böyük yanlışlığa yol verib. Birinci səhv ondan ibarət oldu
ki, Rusiya Iranın nüvə proqramının dünyadakı sülhə təhlükə
törətdiyini etiraf etməli oldu. Amma əvvələr Rusiya bəyan edirdi ki,
Iranın nüvə proqramı heç bir ölkə üçün təhlükə törətmir. Amma Putin
birdən-birə ABŞ-a Qəbələdə çalışmağı təklif edəndə Rusiya
istər-istəməz etiraf etdi ki, Iran yürütdüyü siyasətlə təhlükə
mənbəyidir. Digər tərəfdən, Putin Iran təhlükəsinin qarşısını almaq
üçün ABŞ-la əməkdaşlığa da razılıq verdi.
- Iran Qəbələ RLS-lə bağlı xəbərlərə öncə sərt reaksiya verməsə də,
sonradan rəsmi Tehran bu istiqamətdə bir sıra addımlar atdı...
- Bəlkə də Rusiya Iranı bu məsələyə fikir verməməyə dəvət etmişdi.
Amma sonradan Iran məsələnin mahiyyətinə vardıqca, baş verənlərə
sərt reaksiya verməyə başladı. Rusiyanın ABŞ-a əməkdaşlıq təklif
etməsinə sonuncu maraqlı cavab verdi. ABŞ bildirdi ki, Qəbələ RLS
köhnə stansiya olduğundan yaxşı olar ki, Rusiya Amerikayla
əməkdaşlığını daha müasir tipli stansiyada davam etdirsin. Amerika
bəyan etdi ki, o, Avropadakı raket və radar stansiyalarını saxlayır.
Amma eyni tipli qurğuları Azərbaycanda da quraşdıra bilərlər.
- Polşa prezidenti Bakı sammitindən əvvəl bildirmişdi ki, o,
Azərbaycan dövlət başçısı Ilham Əliyevlə Qəbələ RLS-lə bağlı
danışıqlar aparmaq niyyətindədir. Bu açıqlamanı necə
qiymətləndirirsiniz?
- Polşanın mövqeləri açıq və aydındır. Polşa Avroatlantik
orientasiyada olan bir ölkədir. Bu səbəbdən, Polşa prezidentinin
Azərbaycan dövlət başçısıyla Qəbələ RLS-lə bağlı müzakirələr
aparması təəccüblü deyil və normal qarşılanmalıdır.
Xəyal
http://www.azadliq.az/index.php?category=7&id=7281
|