Qaşqay Türkləri Qaşqaylar El quruluşuna malikdirlər. Qaşqay elindən ünlü elxanlar, elbəylər, kələntərlər, kəndxudalar, ağsaqqallar, şairlər, ruhani müdərrislər, filosoflar, ədiblər, üstad aşıqlar, musiqiçilər, müğənnilər çıxmışdır. Tədqiqatçılar Qaşqayların tarixini tədqiq edərkən onların İran deyilən məmləkətin ictimai-siyasi həyatında oynadığı rolu üç dövrə bölürlər: Birinci dövrü Qaşqay Elinin yaranmasından XX əsrin üçüncü onilliyinə, yəni Qacar sülaləsinin süqutuna qədərki dövrə, ikinci dövrü Rza şah sülaləsinin hakimiyyəti illərinə (1925-1979), üçüncü dövrü isə islam inqilabından bugünkü günə qədərki dövrə aid edirlər. Qaşqaylar haqqında bir sıra tədqiqiqat əsərləri yazılmışdır ki, bunlardan ən mükəmməli Azərbaycan alimi Tağı Əbülqasım oğlu İbrahimovun (Şahin) "Qaşqaylar" monoqrafiyasıdır. Monoqrafiya müəllifinin özünün də qeyd etdiyi kimi: "Bu monoqrafiya Qafqaz Eli tarixinin birinci dövrünün tədqiqinə... həsr edilmişdir" (Bax: T.Ə. İbrahimov, Qaşqaylar, Bakı, Elm-1988, səh.5). Bu əsərdə müəllif əsasən Qaşqayların mənşəyi, onların ictimai quruluşu, iqtisadi həyatı, məişəti, adət-ənənələri, İran xalqlarının ictimai və siyasi həyatında Qaşqay Elinin mövqeyi, onların 1905-1911-ci illər İran Məşrutə inqilabındakı siyasi mövqeyi, 1918-1920-ci illərdə onların İngilis işğalçıları əleyhinə silahlı mübarizəsindən, Pəhləvi rejiminə qarşı üsyanlarından ətraflı bəhs etmiş, mühüm nəticələr əldə etmişdir. Müəllifə görə, Qaşqayların bir El kimi formalaşması və İran deyilən məmləkətin ictimai-siyasi həyatında mühüm rol oynaması Hadir Şah Əfşarın ölümündən sonra başlayır. Müəllif göstərir ki: "Vaxtilə Xələcistandan Farsa köçmüş Xələclərin "Şahılı" tayfasının rəisi Canı ağanın ətrafında birləşmək üçün toplanan tayfa və qəbilələr "Qaşqay" adı altında böyük El birliyinə çevrilmişdir... Yaranmış Elin "Qaşqay" adını qəbul etməsi Elin təşəkkülündə Şahlı tirəsinin göstərdiyi təşəbbüslə, onun rəisi Canı ağanın el arasında və hökumət dairələrində malik olduğu nüfuz və hörmətlə əlaqədardır" (T.Ə. İbrahimov, göstərilən əsəri, səh.74). Fəsai də bu fikri təsdiq edərək yazır ki: "Canı ağa Qaşqay Elinə təyin edilmiş ilk elbəyidir" (Bax: M.H. Fəsai, Farsnamə, II, Tehran, hicri-qəməri 1313, səh. 209). Bizcə, müəlliflər məsələyə sırf siyasi cəhətdən yanaşmışlar. Çünki tarixdə istər Hunlar, istər Qaraxanlılar, istər Qəznəvilər, istər Səlcuqlular, istər Qaraqoyunlular, istər Ağqoyunlular, istər Osmanlılar, istərsə də Səfəvilər hakimiyyətə gəlməmiş və siyasi proseslərdə fəal iştirak onların da adına tarixdə rast gəlinməmişdir. Bəzi müəlliflərə görə, Qaşqay Eli tərkibində birləşmiş olan bütün tayfa, qəbilə və tirələrin sələfi babalarının hamısı birlikdə vahid bir el kimi Farsa köçmüş, köçdükləri zamanda da hamısı birlikdə "Qaşqay" adı daşımışlar və özləri də ancaq İranın Qum və Ərak vilayətlərinin Xələcistan bölgəsində sakin olan Xələclərə və ya Orta Asiyanın Kaşğar vilayətindəki Qaraxataylara mənsubdurlar. Sonralar Xarəzmşah, Çingiz, Teymur, Şah Abbas, Hadir Şah və b. hökmdarlar vasitəsilə köçürülüb Fars əyalətində sakin edilmişlər (T.Ə. İbrahimov, göstərilən əsəri, səh. 73). Bəzi Qərb müəllifləri Qaşqay xanlarının dediklərinə əsaslanaraq onların Şahılı tirəsinin Səfəvilərlə qohum olmalarını, bəzi müəlliflər də Hadir Şahın Hindistana yürüşündə Qaşqayların da iştirak etdiyini göstərmişlər. Bütün tədqiqatçılardan fərqli olaraq böyük alim Məhəmməd Tağı Zehtabi Qaşqayların bu əraziyə - İran deyilən məmləkətə gəlmələrini eramızın ilk əsrlərinə aid edir və göstərir ki: "Miladın ilk əsrlərindən Orta Asiyadan gələn müxtəlif Türk elləri - Sarpırlar, Savırlar, Gəncəklər, Gərgərlər, Vənəndlər, Qarxunlar, Qazanlar, Muğanlar, Kəngərlər, Qaşqaylar və ... başqaları yerli Türklərlə qaynayıb-qarışmış və bir millət kimi" formalaşmışdır (Bax: Məhəmməd Tağı Zehtabi Şəbüstərli, İran Türklərinin əski tarixi, II cild, Təbriz, hicri 1379, səh. 675). Bəzi müəlliflər Xalacları Qaşqayların sələfi hesab etmiş və onların Ceyhun çayının qərbində Ağ Hunlar, Göy Türklərlə bərabər yerləşdiklərini yazmışlar. Mahmud Kaşğarlının "Divan ül-lüğət-üt-Türk" əsəri və "Oğuznamə"yə görə, Xalaclar (Kalaclar) Oğuz boylarından biridir. Onlar qədim zamanlarda Əfqanıstana doğru yürümüş, Mahmud Qəznəvi ordusunda Hindistanın fəthində iştirak etmişlər. Ümumiyyətlə Mahmud Qəznəvi ordusunun əsasını Xalaclar təşkil etmişdir. İslam mənbələri də Xalacları Ağ Hunların nəsli kimi göstərmiş, hətta onların eyni Türk dilində danışdıqlarını göstərmişlər. Fars bölgəsində sakin olan Türk tayfa və qəbilələri tarixi zərurət qarşısında birləşməyə məcbur olmuş və toplanaraq vahid bir El yaratmış və bu Eli də "Qaşqay" adlandırmışlar. Deməli, Farsda sakin olan Türk Qaşqaylar çox qədim zamanlardan bəri müxtəlif dövrlərdə və mərhələlərlə müxtəlif bölgələrdən Farsa gələn və ya aparılan ayrı-ayrı Türk tayfalarından ibarətdir ki, bunların da əsasını Xalaclar, Qaraxataylar, Əfşarlar, Ləklər, Qaraqalpaqlar, Kəngərlilər, Qaraqoyunlular və Ağqoyunlulardan Qarağanlılar, Bayatlar, Ağacarılar, Şordərəlilər, Əmələlilər, Çobanlar, Çobanqaralar, Xançobanılar, Uryatlar, Qırxlılar, İmirlilər, Arıxlılar, Qutlular, Qasımlılar, Hovxanlılar, Əhmədlilər və onlarla belə Türk tayfaları təşkil edir. İran deyilən məmləkətdə bütün Türklər kimi Qaşqayların da ən faciəli dövrü Pəhləvi diktaturası dövrü olmuşdur. Hələ 1925-ci ildə təzəcə hakimiyyəti xarici imperialistlərin dəstəyi ilə əldə etmiş quldurbaşı Rza şah "Milli birlik" şüarı adı altında İran deyilən məmləkətdə bütün millətlərin milli hüquqlarını kobud şəkildə pozaraq özünün çirkin siyasətini açıq şəkildə qulbeçələrinin dili ilə bəyan edərək göstərirdi ki: "Bizim tələbimiz və ictimai istəyimiz İranın milli birliyini təkmilləşdirmək və onu qorumaqdan ibarətdir... Milli birliyi təkmilləşdirmək üçün bütün ölkədə fars dili ümumi dil olmalı, geyim, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır. ...Müxtəlif milli libas geyməyə, müxtəlif dillərdə danışmağa son qoyulmalıdır. ...Əgər biz İranda sakin olan müxtəlif əhalini və bütün müxtəlif tayfaları vahid bir şəklə salmasaq, yəni bütün əhalini tam mənasında iranlılaşdırmasaq (oxu: farslaşdırmasaq - A.M) qarşımızda qaranlıq gələcək dayanar. İranın tarixinə, farsın dilinə, ədəbiyyatına və şiəlik məzhəbinə bağlı olan şəxslər bilməlidirlər ki, əgər bu ölkənin birlik ipi qırılarsa, onlar üçün heç bir şey qalmayacaqdır. Ona görə də hamımız bir səslə tələb etməli, yekdilliklə çalışmalıyıq ki, fars dili bütün İranda ümumiləşsin və yad dillərin yerini tutsun... Milli birlik üçün qəti əlac bütün ölkədə fars dilinin ümumi dil olması və İran tarixinin (oxu: Mifə dayanan fars tarixinin - A.M) yayılmasıdır. Fars dilində məzmunca ürəklərə yatan, ucuz qiymətli minlərlə kitab və broşyuralar çap edilib bütün ölkədə, xüsusilə Azərbaycan və Xuzistanda yayılmalıdır. Bütün bunlar müntəzəm plan əsasında həyata keçirilməlidir. Fars köçərilərindən bəzilərini yadların (oxu: Türklərin, Ərəblərin və b. - A.M) yaşadığı vilayətlərə köçürüb oturaq halda sakin etməli, əvəzində yadelli köçərilər farsların ərazilərinə köçürülməlidir. Çingiz, Teymur dövrlərinin yadigarı olan coğrafi adları fars dilinə çevirməli, ölkədə bu məqsədə xidmət edən, yeni inzibati ərazi bölgüsü aparılmalıdır. Hökumət idarələrində, qoşun daxilində və məhkəmə dairələrində yad dillərin və yad sözlərin işlənilməsi dövlət tərəfindən qadağan olunmalıdır" və s. (Bax: "Ayəndə" dərgisi, hicri 1304, H-9). Fars şovinistlərinin göstərdiyi bu canfəşanlığın səbəbini hələ 1926-cı ildə Cəlil Məmmədquluzadə özünün məşhur "Məqsəd nə imiş" adlı məqaləsində onların dili ilə belə şərh etmişdi: "Biz (fars şovinistləri - A.M) Əhməd şahı ona görə taxtdan yendirmədik ki, şahlığı dost tutmuruq. Xeyr, ondan ötəri yendirdik ki, Qacarlar Türk nəslindəndirlər... Əhməd şahı yıxmaqda məqsədimiz ölkədə Cümhuri üsul-idarəsi yaratmaq deyildi. Bəlkə quldursifət Qacarları pak, nəcib fars Pəhləvi sülaləsinə əvəz etmək idi" (Bax: "Molla Həsrəddin" jurnalı, 1926, H-1). Fars şovinistlərinin Pəhləvi şahlıq rejimində "Vahid fars milləti" yaratmaq planları iflasa uğradı. Bu planın iflasa uğramasında Qaşqay Türklərinin də də xüsusi xidməti olmuşdur. Ümumiyyətlə Qaşqaylar Fars əyalətində yaşayan qəbilə və və tayfalar içərisində ən nüfuzlu, ən nizam-intizamlı, ən mütəşəkkil, ən güclü, ən böyük və ən varlı el birliyidir. Bu El güclü və mütəşəkkil olduğundan həmişə mərkəzi hökumətin təzyiqinə məruz qalmış, tarix boyu Qafqaz Elini zəiflətmək üçün mərkəzi hökumət müxtəlif tədbirlərə əl atmış, onların El quruluşu sistemini dağıtmağa çalışmış, lakin bütün fitnəkarlıqlara baxmayaraq buna tam nail ola bilməmişlər. Hələ 1905-1911-ci illər Məşrutə inqilabını dəstəkləyən Qaşqaylar və onların rəhbəri Sövlətüddövlə böyük başarılar əldə etmiş, öz silahlı qüvvələri ilə xalq əncümənlərini və Şiraz əhalisini əksinqilabi qüvvələrin hücumundan müdafiə etmişlər. Qaşqaylar I Dünya müharibəsi illərində ingilis müstəmləkəçilərinə qarşı üsyan edən Təngistan və Dəştistan mücahidlərinə, Fars əyalətinin demokrat təşkilatlarına da yardım göstərmiş, Sövlətüddövlənin rəhbərliyi altında Fars əyalətini ingilis işğalından xilas etmiş və hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunlarının İran ərazisini tərk etməsində mühm rol oynamış və bununla da İran deyilən məmləkətin xalqlarının mübarizəsi tarixində silinməz izlər buraxmışdır. Heç təsadüfi deyil ki, ingilislərin təhriki ilə Qaşqayların lideri, vətənpərvər qəhrəman Sövlətüddövlə ingilis nökəri Rza şah tərəfindən 1932-ci ildə Qəsre-Qacar zindanına salınaraq qətlə yetirilmişdir. İranda "Taxta qapı" siyasəti həyata keçirən Rza şah bütün köçəriləri, o cümlədən də Qaşqayları oturaq həyata keçirmək, onların daxili quruluşunu dağıtmaq məqsədi ilə Qaşqay Elinin tayfa və tirə başçılarının əksəriyyətini edam, həbs və sürgün edərək onların yerinə öz sadiq zabitlərini vali təyin etmiş, onların vasitəsilə böyük cinayətlər törətmişdir. Bu zabit valilər Rza şahın əmri ilə Qaşqayların milyonlarla xırdabuynuzlu və iribuynuzlu mal-davarını, at və dəvələrini tələf etmiş, Qaşqay Elini iqtisadi cəhətdən də fəlakətə düçar etmişlər. II Dünya müharibəsi dövründə müttəfiq qoşunlarının İrana daxil olması ilə faşist Almaniyasının müttəfiqi olan Rza şah ölkədən qaçmaqla ölkədəki xalqlar, o cümlədən də Qaşqaylar müəyyən azadlıqlar əldə etdilər. Şah tərəfindən müxtəlif yerlərə sürgün edilən Qaşqaylar yenidən öz yurdlarına qayıdıb köçəri el həyatını davam etdirdilər və hətta gələcək təhlükələrə qarşı silahlanmağa başladılar. Onlar 1950-ci illərin əvvəlində milli cəbhənin və Müsəddiq hökumətinin neft sənayesinin milliləşdirmə siyasətini müdafiə etdiyindən Müsəddiq hökuməti ABŞ-ın əli ilə hərbi çevriliş nəticəsində devrildikdən sonra şah diktaturası möhkəmləndirildi və beləliklə də Qaşqayların iki yüz il hökm sürən El quruluşu 1956-cı ildə Məhəmmədrza şahın fərmanı ilə ləğv edildi. Qaşqaylar əleyhinə yeni hərbi hücumlar təşkil edildi. Qaşqay elini idarə edən elxan, elbəyi və kələntərlər ailələri ilə birlikdə ölkəni tərk edib xarici ölkələrə getməyə məcbur oldular. Məhəmmədrza şahın "Ağ inqilab" adlanan torpaq islahatı proqramı ən ağır zərbəni köçərilərə, o cümlədən də Qaşqaylara vurdu. Onların otlaq və çəmənlikləri zəbt edilərək dövlətin ixtiyarına verildi və Qaşqay elinin dağılması prosesini xeyli sürətləndirdi. Qaşqaylar irticaçı şah rejiminin yaratdığı dözülməz işkəncələrə məruz qalıb ayrı-ayrı yerlərə dağılmağa məcbur oldular. İrticaçı Pəhləvi rejimi devrildikdən sonra xaricə və ayrı-ayrı yerlərə köçmüş Qaşqaylar yenidən öz yurd-yuvalarına qayıdıb yeni hökumətə yardım göstərdilər. Lakin bu həmrəylik də uzun sürmədi. Məzhəbçi rejimdə fars şovinizmi yenidən baş qaldırdı. 1982-ci ildə Şiraz və Firuzabad əyalətlərində qaşqaylarla Pasdarlar arasında bir neçə dəfə qanlı toqquşmalar oldu və nəticədə Qaşqay elxanı Xosrov xan həbs edilərək Şirazda edam edildi. Lakin bütün bunlar qəhrəman Qaşqay Türklərinin iradəsini qıra bilmədi. Bu gün belə Qaşqay El quruluşu, köçəri həyat tərzi müəyyən tənəzzülə üğrasa da Qaşqay Türkləri yenə də Fars əyalətində əhalinin əksəriyyətini təşkil edən Türklərlə bərabər özlərinin ictimai və iqtisadi həyatını davam etdirməkdədirlər. Qaşqay Eli tərkibində birləşən tayfa, qəbilə və tirələrin hamısının dili Türk dili, Azərbaycan Türkcəsidir. Bunu Qaşqay Türklərindən olan tədqiqatçı alim M.B.Bəhmənbəyi də təsdiq edərək göstərmişdir ki: "Qaşqayların dili Türk dilidir. Bu dil Qafqaz Azərbaycan (oxu: Quzey Azərbaycan - A.M) Türkcəsinin ləhcələrindən biridir" (Bax: M.B.Bəhmənbəyi, Orf və adət əsayere Fars (farsca), Tehran, hicri 1324, səh.69). Artıq 82 ildir ki, İran deyilən məmləkətdə bütün qeyri-fars xalqlar kimi Qaşqaylar da öz yazı dilindən, hökumət idarələrində, mədəni-maarif ocaqlarında ana dilində danışmaqdan belə məhrum edilmişlər. Ona görə də Qaşqay Türklərinin də yazılı ədəbi dili və yazılı ədəbiyyatı digər Türklər kimi inkişafdan dayanmış və geniş yayılmamışdır. Buna baxmayaraq bu gün İran deyilən məmləkətdə öz milli Türk kimliyini, adət-ənənəsini, şifahi ədəbi dilini qoruyub saxlayan, zəngin xalq ədəbiyyatına malik Qaşqay Türklərinin yazılı ədəbi dili şovinist fars məzhəbçi rejimi tərəfindən qadağan edilsə də Qaşqay aşıq şerinin, Qaşqay dastanlarının, laylalarının, ata sözlərinin külliyatı Qaşqay Türklərinin hafizəsində, sinəsində cəmləşib. Bu gün Qaşqay Türkləri öz hüquqlarını əldə etmək uğrunda mübarizələrini davam etdirməkdədirlər.
Aydın Səlcuq http://www.turkustan.org/index.php?lngs=aze&id=384
|