Sabah Türkiyənin
Qars şəhərində
Azərbaycan, Türkiyə və
Gürcüstan dövlət
başçıları
Bakı-Tbilis-Qars dəmir
yolu bağlantısının
tikintisinin Türkiyə
hissəsinin təməl qoyma
mərasimində iştirak
edəcək. Dəmiryol
xəttinin çəkilişi ilə
bağlı 2007-ci il
fevralın 7-də, Tbilisi
şəhərində Türkiyə baş
naziri, Azərbaycan və
Gürcüstanın
prezidentləri Saziş
imzalayıb.
Bakı-Tbilisi-Qars
dəmir yolu bağlantısı
layihəsinin ümumi dəyəri
422 milyon dollardır.
Layihə əsasında
Türkiyənin Qars
şəhərindən Gürcüstanın
Axalkalaki şəhərinədək
105 kilometr uzunluğunda
yeni dəmir yolu xətti
çəkiləcək. Tikintiyə
Türkiyə tərəfi 220 mln,
Gürcüstan isə 202 mln
dollar xərcləyəcək.
Bundan başqa 160
kilometr uzunluğu olan
Axalkalaki-Marabda yolu
yenidən qurulacaq.
Rekonstruksiya işlərinə
Gürcüstan 90 milyon
dollar sərf edəcək.
Gürcüstanın
maliyyə öhdəliklərini
isə Azərbaycan ödəyib.
Belə ki Azərbaycan
hökuməti 25 il müddətinə
1 faiz olmaqla
Gürcüstana 200 milyon
dollar kredit verib.
Azərbaycan
Dəmiryol idarəsinin
mətbuat xidmətinin
rəhbəri Nadir Əzməmmədov
"Amerikanın səsi"
radiosuna tikinti
işlərini Azərbaycan
şirkətinin apardığını
bildirib.
Onun sözlərinə
görə, Axalkalaki-Marabda
hissəsinin yenidənqurma
işlərinin layihəsini
Kiyev layihə institutu
hazırlayır.
Cənab Əzməmmədov
dəmir yol bağlantısına
hazırda Ermənistan və
İranın qoşulmasını real
saymır. Ermənistan
Azərbaycan ərazisini
işğal edib və öz
ərazisindən Naxçıvana və
İrana gedən dəmir yol
infrastrukturunu dağıdıb.
İran isə şimal-cənub
dəmir yolu dəhlizi
reallaşandan sonra
qovşaq vasitəsi ilə yük
daşıya bilər.
Müstəqil
ekspertlər də yeni
dəmiryol bağlantısının
perspektivlərinin
səmərəli olacağına
inanır. İqtisadi
Tədqiqatlar mərkəzinin
rəhbəri Qubad İbadoğlu
hesab edir ki, dəmir
yolu xəttinin dünyanın
mühüm ticarət
partnyorları olan
dövlətlərə çıxışı təmin
edilərsə səmərəliliyi
tez bir zamanda artacaq.
Ekspert
gələcəkdə İranın və
Rusiyanın bu dəmir yolu
vasitəsi ilə yük
daşıyacaqlarını da
istisna etmir. Cənab
Qubadoğluna görə, bunlar
realdır.
O eyni zamanda
Ermənistanın bu xətt
vasitəsi ilə yük
daşımasının qəti
əleyhinədir. Çünki
Ermənistanın siyasəti
regional layihələrin
əleyhinə yönəlib.
Ekspert hesab edir ki,
regional layihələrdə
Azərbaycan aparıcı
qüvvədir və Ermənistanın
hərbi təcavüz siyasəti
ilə inkişafa yönəlmiş
iqtisadi layihələr tərs
mütənasibdir. Ermənistan
yalnız Azərbaycan
ərazilərini işğaldan
azad etdikdən sonra bu
layihələrə qoşulmaq
barədə düşünə bilər.
Bakı -
Tbilisi - Qars yeni
dəmir yolu bağlantısı
layihəsi
Birləşmiş Millətlər
Təşkilatı Avropa
İqtisadi Komissiyasının
Daxili Nəqliyyat üzrə
Komitəsinin 2005-ci il
21 fevral tarixli
sənədinə əsasən "Beynəlxalq
kombinəedilmiş
daşımaların mühüm
xətləri və müvafiq
obyektləri haqqında
Avropa Sazişi"nə də
daxil edilib. Sazişə
Çətinkaya – Ərzurum –
Qars – Axalkalaki dəmir
yol bağlantısı ilə
yanaşı Azərbaycan
ərazisindən keçən digər
mühüm dəmir yolu
xəttləri: Tbilisi–Qardabani–Böyük-Kəsik–
Bakı, Yerevan–Bərxudarlı–Qazax,
Gümrü–Naxçıvan–Meğri–Ələt–Astara,
Moskva–Volqoqrad–Həştərxan–Mahaçqala–Bakı
hissəsinin də
reabilitasiya-rekonstruksiyası
Beynəlxalq Dəmir Yolu
İttifaqının
standartlarına uyğun
həyata keçirilməsini də
nəzərdə tutur. Bütün bu
layihələrin inşası və
reabilitasiya-rekonstruksiyası
Azərbaycan və Türkiyənın
maliyyə vəsaitləri
hesabına həyata
keçiriləcək. Sənəddə yük
daşımalarının həcmi 5-ci
istismar ilində 6 mln.
ton, 10-cu istismar
ilində isə 15 mln.
tondan çox olacağı
proqnozlaşdırılır