Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Sənəddə bildirilir ki, müstəqil Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi sahədə qazandığı uğurlar və beynəlxalq aləmdə əldə etdiyi yüksək nüfuz dünya azərbaycanlılarının, xüsusilə də Güney Azərbaycanda yaşayan 35 milyon Azərbaycan türkünün sərvəti və güvənc yeridir: "Sizin "Müstəqil Azərbaycan dünya azərbaycanlılarının ümumi Vətənidir, onların siyasi və mənəvi dayağıdır!" ifadəniz biz Güney azərbaycanlılara mənəvi dəstəkdir. Hər bir demokratik cəmiyyətdə insan hüquq və azadlıqlarına hörmət bəşəriyyətin inkişafının təməl prinsiplərindən biri kimi dəyərləndirilsə də, təəssüflər olsun ki, 80 ildən artıq bir müddətdir İranda Azərbaycan türklərinin milli və mənəvi dəyərlər sisteminə qarşı bu prinsiplərə zidd bir siyasət davam edir. Bu siyasətin nəticəsində Güney Azərbaycan ərazisi heç bir məntiqi əsaslara söykənməyən "inzibati ərazi bölgüsü" adı altında parçalanmaya məruz qalır, Azərbaycan adı tarix, coğrafiya kitablarından, xəritələrdən və rəsmi dövlət sənədlərindən silinir, millətimiz "fars kimliyi" adı altında assimilyasiya olunur. İqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı rola malik olmasına baxmayaraq, Güney Azərbaycan türkləri ən ağır sosial-iqtisadi şəraitdə yaşamağa məcbur edilirlər. Ana dilində təhsil almaq hüququndan məhrum edilmiş millətimizin ən ibtidai hüquqları belə kobud şəkildə pozulur". Müraciətdə vurğulanır ki, İranda irqçiliyə və milli ayrı-seçkiliyə, Hakimiyyətin hüquqi-siyasi sistemində qeyri-fars millətlərin milli varlığına, adət-ənənəsinə ögey münasibətə etiraz edən Güney Azərbaycan türkləri demokratik üsullardan yararlanmaqla milli haqlarını müdafiə etməyə çalışırlar. Amma bu haqlı mübarizə silah gücünə susdurulur: "Məlum may-iyun hadisələrində onlarla Azərbaycan türkünün güllə-baran edilməsi buna əyani sübutdur. Milliyətindən asılı olmayaraq, hər bir vətəndaşı üçün məsuliyyət daşımağa borclu olan hakimiyyət baş vermiş hadisələri ört-basdır edir, dövlət rəsmiləri isə bu hadisələr zamanı öldürülən, əsassız ittihamlarla həbsxanalarda işgəncə edilən azərbaycanlılar və onların ailələrinin haqlı tələblərinə "davada halva paylamazlar" ifadəsilə cavab verməklə kifayətlənirlər. Hələ də onlarla milli fəalımız heç bir hüquqi əsas olmadan İran həbsxanalarında insan şəxsiyyətinə xas olan humanist rəftardan məhrum edilərək ən ağır şəraitdə işgəncə altında saxlanmaqdadırlar". Sənədin sonunda qeyd olunur ki, bu gün problem və qayğılarla yaşayan Güney Azərbaycanın Quzeydən mənəvi dəstəyə və həmrəyliyə böyük ehtiyacı var: "İnanırıq ki, 35 milyon Güney Azərbaycan türkünün milli və vətəndaş hüquqlarının qorunması naminə 50 milyon azərbaycanlının prezidenti olaraq İran dövlət başçısı Mahmud Əhmədinejadla nəzərdə tutulan rəsmi görüşünüz zamanı Güney azərbaycanlıların milli-mədəni, insani hüquqlarının təmin edilməsi, bu millətə qarşı yönələn qeyri-insani davranışlara son qoyulması, Güney Azərbaycan ərazisində hərbi-polis rejiminin aradan qaldırılması, həbsdə saxlanılan milli fəalların qeyd-şərtsiz azadlığa buraxılması məsələlərini onun diqqətinə çatdıracaqsınız".